Yemək ucuz başa gəlsin deyə vaxtı keçmiş qidalardan istifadə edilir - Ekspert zəhərlənmələrdən danışdı

14 Aug, 2024 10:45

“Son günlər kafe və restoranlarda baş verən zəhərlənmə halları ciddi müzakirə olunmalı məsələlərdən biridir. Bəzən belə hadisələr restoranların nəzarətsizliyindən əmələ gəlir. Bu gün müəyyən işbazlar faktiki olaraq insanların sağlamlığını ikinci plana salıblar”.
 



Bunu Bakupost.az -a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov deyib.
O, yeməyin ucuz başa gəlməsi üçün vaxtı keçmiş qidalardan istifadə edildiyini bildirib:
“Hazırlanan məhsullar düzgün şəraitdə saxlanılmır. Bu gün soyuq qida zəncirinin qırılmaması üçün mühafizə edilməli məhsullar bəlkə də soyuducuda saxlanılmır”.
Ekspertin sözlərinə görə, restoranlarda işçilər də tibbi müayinədən keçirilməlidir:
“Yəni buna bir nəzarət edən varmı ki, işçilərin tibbi müayinəsi hansı səviyyədədir? Təklif edərdim ki, həmin restoranlarda könüllü qida mütəxəssisləri olsun. Hansı ki, onlar müəyyən icazələrlə monitorinqlər apara bilərlər. Bütün bunların olması müəyyən qabaqlayıcı tədbirlərin görülməsinə gətirib çıxara bilər”.
İ.Şirinov restoranlarda qabların təmiz yuyulmasının vacib olduğunu bildirib:
“O qablar yuyularkən tam olaraq yağsızlaşdırılmalı və ondan sonra istifadə olunmalıdır. Əgər qablar əllə yuyulursa, axar suda yuyulmalıdır”.
Qeyd edək ki, ötən gün Gəncə və Göygöldə ictimai iaşə müəssisələrində kütləvi zəhərlənmə hadisələri qeydə alınıb.