Əhali artır, heyvanların sayı azalır - Ölkədə bahalaşmasının 3 ciddi səbəbi

14 Aug, 2024 05:30

Xəbər verdiyimiz kimi, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.
Bakupost.az -a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, ətin bahalaşmasına səbəb bu məhsula tələbatın olmasıdır.

İqtisadçı insanların sayının və ət istehlakının artdığını deyib. Onun sözlərinə görə, son 10 ildə kəsilən ətin həcmində 20 faizdən çox artım olub:
“İkinci əsas səbəb odur ki, saxlanılan heyvanların sayında artım yoxdur. Əgər 2015-2016-cı illərdə ölkədə saxlanılan xırdabuynuzlu heyvanların sayı 8,7 milyon baş idisə, indi bu 7,8 milyona düşüb. Yəni, heyvanların sayında 10 faiz azalma var. Əhalinin tələbatı, ət istehlakçılarının sayı artır, amma heyvanların sayında artım yoxdur”.
İqtisadçı heyvanların baxım xərcləri artdığına görə fermerlərin də bunu qiymətdə əks etdirdiklərini deyib:
“Daha bir səbəb isə idxalla əlaqədardır. Düzdür, idxal 2023-cü ildə kəskin artıb. Amma idxal edilən məhsulların da problemləri olur. İlin birinci yarısında Gürcüstanda xəstəliklə əlaqədar ixracda problem olduğunu öyrəndik. Qoyun əti Azərbaycana əsasən, Rusiya və Gürcütandan idxal olunur. İdxal isə təbii ki, qiymətlərə təsir göstərir. Əsas odur ki, əhalinin yay aylarında ətə tələbatı daha çox olur”.