Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

26 Jun, 2024 01:00

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

"Gündəmtv.az” xatırladır ki, Ordunun yaradılmasından 106 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.